Taun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XBT-10 təsnifatı
Taun çöpü
Taun çöpü

Taun çöpü
Taunun heyvanlar arasında yayılma xəritəsi, (1998).
Taunun heyvanlar arasında yayılma xəritəsi, (1998).

Taunun heyvanlar arasında yayılma xəritəsi, (1998).
A20 Taun
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində OdessaQara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.

Taun

Taun təbii ocaqlarla xarakterizə olunur. Taunun inkubasiya dövrü 2–6 gündür. Xəstəlik titrətmə, başağrısı, yüksək temperaturla başlayır. Diaqnostika üçün bakterioloji və seroloji üsuldan istifadə olunur.

Tarixi məlumat

[redaktə | mənbəni redaktə et]
Piter Breygel, "Ölümün zəfəri"

Taun epidemiyası çox qədimdən, eramızdan xeyli əvvəl məlumdur.

Xəstəliyin adı "cuma" (paxla) ərəb sözündən törəmişdir. Bunun səbəbi infeksiyanın tez-tez baş verən xarakterik simptomudur – iltihablaşmış limfatik düyünlərin böyüyərək xarici görünüşünə görə paxlaya bənzəmələridir. Taun çox vaxt milyonlarla insanın ölümünə bais olan, böyük əraziləri viran qoyan pandemiya xarakteri almışdır.

Brent Notke, "Ölüm rəqsi"

Bəşər tarixində taunun üç pandemiyası məlumdur:

  1. 527-ci ildən 580-ci ilə qədər davam edən birinci pandemiya tarixə "Justinianın taunu" adı ilə daxil olmuşdur. O, Misirdə başlamış, Aralıq dənizinin liman şəhərlərinə və digər Yaxın Şərq ölkələrinə yayılmış və Avropaya keçmişdir. Bu pandemiya zamanı təxminən 100 min insan tələf olmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori Adrian qəsrinin üzərində Mələk Mikayılı taun epidemiyasının sonunun çatmasına işarə olaraq, qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır[1].
  2. "Böyük", yaxud "qara ölüm" adlı, 50 milyondan artıq insan təlafatına səbəb olmuş ikinci pandemiya 1334-cü ildə Çində baş vermiş, sonralar Hindistana, AfrikayaAvropaya yayılmışdır. 1352-ci ildə Avropanın əhalisinin 1/3 hissəsi, 25 milyon adam taundan məhv olmuşdur[2]. 1364-cü ildə taun Asiyadan Rusiyanın şimal-qərb, mərkəzi və cənub-şərq vilayətlərinə keçmişdir… 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri tətbiq edilmişdir.
  3. Taunun üçüncü pandemiyası 1894-cü ildə Honkonqda başlamış bir milyondan çox insanın təlafatına səbəb olmuşdur. Sonrakı 10 ildə taun dünyanın bütün kontinentlərinin 87 liman şəhərlərinə yayılmışdır, 12 milyondan artıq adam qırılmışdır. Taunun üçüncü pandemiyası zamanı böyük kəşflər edilmişdir: törədici mikrob ayrılmış (Q. İ. Minx, 1878, A. İersen, S. Kitazato 1894), xəstəliyin yayılmasında siçovulların, çöl gəmiricilərinin və birələrin rolu müəyyənləşdirilmiş, taunun təbii ocaqlılığı aşkar edilmişdir. (D. K. Zabolotnı, 1912) 1802-ci ildə D. Samoyloviç birinci dəfə taun əleyhinə ilk vaksinasiya təşəbbüsü göstərmişdir. Effektiv vaksina 1926-cı ildə V. A. Xavkin və başqaları tərəfindən işlənib hazırlanmışdır.

Taun əleyhinə elmi əsaslandırılmış tədbirlərin həyata keçirilməsi XX əsrdə dünyada taun epidemiyasını aradan qaldırmağa imkan vermişdir, lakin xəstəliyin sporadik halları bu və digər ölkələrdə təbii ocaqlarda həmişə qeyd edilir.

Taunun lat. Yersinia pestis törədici mikrobu – taun çöpü bir növ kimi proteobakteriyalar tipinin, qamma-proteobakteriyalar sinfinin, enterobakteriyalar ailəsinə məxsus lat. Yersinia cinsinə aiddir. O, 1,5–2 x 0,5–0,7 mkm ölçüsündə, avoidşəkilli, ucu dəyirmi, hərəkətsiz oid çöpdür. Taun mikroblarının uzunsov, dənəvər, sapşəkilli və süzülən formalarının meydana çıxması ilə polimorfizmi təsvir edilmişdir.

Taunun törədici mikrobu spor əmələ gətirmir, kapsulu vardır, qrammənfidir, anilin boyaları ilə asan (ucları isə daha intensiv) rənglənir (bipolyar rənglənmə). lat. Y. pestis fakultativ anaerobdur. 25–30 °C-də və pH 6,9–7,2 olduqda duru və bərk qida mühitlərində yaxşı inkişaf edir. R -virulent və S -avirulent formalı koloniyalar əmələ gətirir. Qida mühitinə təzə və ya hemolizəolmuş heyvan qanı çatdıqda mikrobların inkişafına stimullaşdırıcı təsir göstərir. lat. Y. pestis ekzo- və endotoksin əmələ gətirir, tərkibində termostabil somatik və termolabil kapsul antigenləri və s. (cəmi 20 antigen) vardır. lat. Y. pestis-in somatik antigeni başqa persinlərin antigenlərinə identikdir. kapsul antigeni taun törədici mikrobunun virulent ştammları üçün spesifik sayılır, immunigen aktivliyə malikdir.

Taunun törədici mikrobunun orqanizmdən kənarda davamlılığı onlara xarici mühit amillərinin təsir xarakterindən asılıdır. Temperatur düşdükcə bakteriyaların yaşama müddəti artır. Qida məhsullarında, suda və məişət əşyalarında lat. Y. pestis 3 aya qədər, bubon irinində 40 gün, qanda və bəlğəmdə 1 ay və daha çox qalır. 55 °C-də onlar 10–15 dəq. sonra 100 °C-də bir neçə saniyə sonra məhv olur. Adi dezinfektantlar işçi konsentrasiyada (sulema 1:1000, 3–5%-li lizol məhlulu, 3%-li karbol turşusu, 105-li əhəng südü) və (antibiotiklər), (streptomisin, tetrasiklin, xloramfenikol) lat. Y. pestis-əöldürücü təsir göstərir.

Epidemiologiyası

[redaktə | mənbəni redaktə et]

Taunun təbii, birincili ("vəhşı taun" – lat. Silvalia plagne) və sinantrop ikincili ("şəhər", "port taunu") ocaqları ayırd edilir. Vəhşi gəmiricilər (tauntörədici mikroblarının təbii rezervuarları) və onların eksparazitləri (birələr) ilə əlaqədar olan təbii ocaqlar, Avstraliya istisna edilməklə bütün qitələrdə, çöl, yarımsəhrasəhra zonalarında mövcuddur. Gəmiricilərin və onların birələrinin populyasiyasının mövcudluğu imkanının müəyyənləşdirən coğrafi iqlim şəraitindən asılı olaraq təbii ocaqlarda lat. Y. pestis qalır.

Təbii ocaqlarda taun mikrobunun daşıyıcıları olan vəhşi gəmiricilərin 300-ə yaxın növü və yarımnövü aşkar edilmişdir. lat. Y. pestis-in mühafizə edilməsində əsas rolu sünbülqıran, marmot (tarbaqan), qum siçanı, dağ siçanı, çöl siçanları oynayır. Bundan əlavə Afrikada bəzi siçanların: qara, həbəş, çoxməməli və kolluq siçovulların mühüm rolu qeyd edilməlidir.

Taun sinantrop ocaqlarında taun infeksiyasının əsas rezervuarı və mənbəyi hələ qədim dövrlərdə vəhşi təbiətdən insan məskənlərinə keçmiş, taun mikrobunu da özləri ilə gətirmiş boz siçovul və ya siçovul (lat. Rattus norvegicus), qara siçovul (lat. Rattus rattus) və kürən siçovullardır (lat. Rattus alexandrinus). Nəqliyyat vasitələrinin, xüsusən dəniz nəqliyyatının inkişafı siçovulların birinci toplandığı yerdən dünyanın bir çox ölkələrinə yayılmasına səbəb olmuşdur. Taun vəhşi gəmiricilərdən siçovullara keçdiyi kimi, siçovullardan da vəhşi gəmiricilərə keçir.

Hər iki tip taun ocaqlarında törədici mikrobların yayıcıları birələr sayılır. lat. Y. pestis ilə spontan infeksiyalaşma birələrin 120-dən artıq növündə və yarımnövündə aşkar edilmişdir. Taun törədici mikroblarının daha aktiv yayıcıları siçovul birələri (lat. Xenopsylla cheopis), insan mənzil birələri (lat. Pulex irritans) və marmot yuvası gənələridir (lat. Oropsylla silativc).

Birələrin taun mikrobu ilə intensiv yoluxması gəmiricinin məhv olmasından əvvəl nəzərə çarpan bakterimiya dövründə baş verir. İnfeksiyalaşmış birə ancaq taun bakteriyaları onun mədəönündə artıb çoxaldıqdan sonra yoluxdurucu olur. Mikroblar mədəönü boşluğunda artıb çoxaldıqdan sonra əmələ gətirdikləri həlməşik kütlə ("taun bloku və ya tıxacı") ilə onu tamamilə doldurur. Belə birələr qan sormağa çalışır, lakin "taun tıxacı" qanın mədəyə daxil olmasına mane olur, bunun nəticəsində qan və onunla yuyulmuş bakteriyalar güclü təkanla birənin dişlədiyi yerdə yaraya geri qayıdır.

İnsanın taunla yoluxması bir neçə yolla: transmissiv (infeksiyalaşmış birənin dişləməsi ilə), kontakt, alimentar və hava-damcı yolu ilə baş verir.

İnsanların tauna qarşı həssaslığı olduqca yüksəkdir. xəstələnmə indeksi vahidə yaxınlaşır. təbii ocaqlarda xəstələnmə mövsümi xarakter daşıyır: mülayim iqlimli ocaqlarda xəstəlik əsasən yay-payız aylarında, isti iqlimli ocaqlarda mövsümilik olmur.

Taun tutmuş xəstələrin epidemioloji rolu eyni deyil. Xarici mühitə çox miqdarda taun bakteriyalarını ifraz edən, xəstəliyin zahirən səpələnmiş formasına tutulan (Q. P. Rudnevə görə), xüsusən taun ağciyər formasına düçar olan xəstələr daha çox təhlükəlidirlər. lat. Y. pestis-in hava-damcı yolu ilə yayılması infeksiyaya epidemik xarakter verir. Buna binalarda adamların sıxlığı, maddi rifahın və sanitariya mədəniyyətinin aşağı səviyyəsi, müalicəvi-profilaktik tədbirlərin qeyri-mükəmməlliliyi səbəb olur. Taunun başqa formasına tutulmuş xəstələr birələrin kifayət qədər populyasiyası olan zaman xeyli təhlükə törədə bilər.

Tauna qarşı anadangəlmə immunitet yoxdur. keçirilən xəstəlik immunitet verir; təkrari xəstəlik nadir hallarda olur.

hazırda taunun tək-tək aktin enzootik ocaqları Asiyada (Birma, Vyetnamda, İndoneziya, Nepal), Amerikada (Boliviya, Braziliya, Peru, Qərbi ABŞ, Ekvador) və Afrikada (Zair, Keniya, Lesoto, Madaqaskar, Tanzaniya) vardır.

Taunda infeksion prosesin inkişafı xeyli dərəcədə infeksiyanın giriş qapılarının lokallaşması ilə müəyyən edilir. Törədici mikrobun daxil olduğu yerdə, dəri və ya selikli qişalarda dəyişiklik, bir qayda olaraq olmur, yalnız təsadüflərin 3–4%-ində dəri üzərində sonradan xoraya və ya xoralı karbunkula çevrilən ləkə şəklində birinci affekt baş verir. Xoranın möhtəviyyatında çoxlu miqdarda taun mikrobları tapılır.

Törədici mikrobun giriş qapılarından limfogen yollarla regional limfatik düyünlərə çatır və orada intensiv artıb çoxalır bubon əmələ gətirməklə hemorragik iltihab törədir. Bubonun yarılması zamanı paket şəklində birləşmiş limfatik düyünlər, onlara və ətraf toxumaya çoxlu qan və ya serozlu-qanlı maye hopması, irinli əriməyə məruz qalmış nekroz ocaqları görünür. Damar və kapillyarlar ətrafındakı sinuslarda çox miqdarda mikrob toplanması aşkar edilir.

Birincili bubonlardan taun mikrobları limfogen və ya hematogen yolla yeni limfatik düyünlər qrupuna yayılır, müvafiq surətdə ikinci, üçüncü və i.a. tərtibli birincili bubonlar, yaxud ikincili bubonlar əmələ gəlir. Bu bubonlarda iltihabi dəyişikliklər daha zəif nəzərə çarpır, taun bakteriyaları az miqdarda tapılır.

Giriş qapıları, yerində və regional limfatik düyünlərdə patoloji dəyişikliklər orqanizmin ürək-damar, sinir və başqa sistemlərinin zədələnməsinə səbəb olan bakteriya və toksinemiya ilə müşayiət edilir. Taunun patogenezində qan damarlarının nekroz infiltrasiya və damar divarının seroz hopması şəklində zədələnməsi böyük rol oynayır.

Limfatik düyünlərin baryer funksiyalarının kifayət qədər olmaması (bu zaman taun mikroblarının natamam faqositozu aşkar edilir) və infeksiyanın ikincili ocaqlarında lat. L. pestis-in güclü artıb çoxalması zamanı xəstəliyin birincili septik forması inkişaf edir, bu zaman infektin daxil olduğu nahiyədə iltihabi dəyişiklik və taunun ağırlaşdırıcı başqa ikincili formaları olmur. Xəstəliyin septik forması üçün ağır infeksion-toksik şokun inkişafı, müxtəlif daxili orqanlarda sentiko-piemik ocaqların törəməsi xarakterikdir. Toksik miokarditnefrit baş verir. Taunun ağır formasının patogenezində fibriolizinin üstünlük təşkil etməsi ilə qanın laxtalanma sisteminin pozulması mühüm yer tutur.

Aerogen yoluxma mexanizmi zamanı traxeya və bronxların selikli qişasında, paratraxeal və peribronxial limfatik düyünlərdə alveola epitelində nekrotik və hemorragik dəyişikliyin meydana çıxması ilə birincili ağciyər taunu inkişaf edir. Ağciyərlərdə lobulyar və ya lobar pnevmoniya aşkar olunur. İçərisində çoxlu miqdarda taun mikrobları olan bol serozlu-hemorragik eksudat aşkar edilir. Damar endotelilərinin toksiki zədələnməsi, onların alveolarası eksudatla tutulması ağciyər toxumasının və plevranın yeni sahələrinin cəlb olunması ilə ağciyər toxuma nekrozunun tez inkişafına səbəb olur. Taun ağciyər forması ağır intoksikasiya və yüksək ölüm hadisəsi ilə keçən prosesin tez generalizasiyası ilə xarakterizə olunur. Ağciyərlərdə təsvir olunan dəyişikliklər taunun başqa klinik variantları generalizasiyası nəticəsində ola bilər (ikincili ağciyər taunu).

Taununtəzahür formasından asılı olmayaraq bütün orqan və sistemlər tətəfindən olan dəyişikliklərlə müşayiət olunur. Dəri üzərində petexiyalar və ya daha çox geniş qansızmalar, nekroz sahələri (ehtimal ki, nekroz və qansızmalara görə qaralmış dəri sahələri, el arasında taun "qara ölüm" adlandırmağa əsas olmuşdur) meydana çıxır. qansızmalar mədənin, bağırsağın selikli qişasında iri və orta damarların divarlarında qeyd edilir. Ürək əzələlərində distrofik dəyişikliklər, perikardda və endokard altında qansızma ocaqları tapılır. Böyrək qıvrım kanalcıqların epitelində parenximatoz və piy distrofiyası inkişaf edir, ləyənlərdə nöqtəvari qansızmalar baş verir. İltihabi prosesə sidik ifrazedici yolların selikli qişası cəlb olunur. Dalaq bir qayda olaraq böyüyür, onun konsistensiyası bürüşük olur. Qaraciyər böyüyür: piy və dənəvər distrofiyaya nekrotik dəyişikliklər qoşulur. Hiperemiya təzahürləri, ödem, ocaqlı qansızmalar, nekrozla keçən iltihabi proses cinsi vəzilərə, daxili sekresiya vəzilərinə, sümük sümük iliyinə yayılır.

Klinik mənzərə

[redaktə | mənbəni redaktə et]

Taunda inkubasion dövr 3–6 gündən peyvənd olunmuşlarda 10 günə qədər davam edir.

Q.P. Rudnevin (1970) təsnifatına müvafiq olaraq taunu aşağıdakı klinik formalara ayırırlar:
A. Başlıca olaraq lokal formalar:
  1. Dəri
  2. Bubon
  3. Dəri-bubon
B. Daxili disseminasiya və ya generalizəolmuş formaları:
  • I septiki
  • II septiki
  • C. Xarici disseminasiyaolmuş formalar:
  • Birincili ağciyər
  • İkincili ağciyər
  • Bağırsaq forması müstəqil forma kimi əksər müəlliflər tərəfindən qəbul edilmir, xəstəliyin başqa formalarının nəticəsi hesab edilir. Taunun yüngül, silinmiş, subklinik formaları (lat. Pestis minor) təsvir edilmişdir.

    Klinik formalarından asılı olmayaraq, prodromal əlamətlər olmadan nəzərə çarpan titrəmə və bədən temperaturunun 39–40 °C-yə qədər yüksəlməsilə qəflətən başlayır. Xəstələr tez-tez ürəkbulanması və qusma ilə müşayiət olunan şiddətli başağrısı , əzələ ağrıları, əzginlik, çox vaxt dəhşət, qorxu hiss edirlər. Üz və konyuktivalar hiperemiyalaşır, boron deşikləri genişlənir, dodaqlar quruyur. Ağız boşluğunun selikli qişasında çox vaxt hemorragiyalar və xoralar aşkar edilir. Dil şişmiş, quru və qalın ağ ərplə örtülür (elə bil "təbaşirlə sürtülmüşdür"). Dilin ölçülərinin xeyli böyüməsi və onun son dərəcə quruluğu xəstənin nitqini anlaşılmaz edir. Xəstəliyin ağır gedişi zamanı üz göyərir, cizgiləri kəskinləşir, dözülməz iztirab və dəhşət ifadəsi (lat. facies pestica) meydana çıxır.

    Nəbzin pozulması: taxikardiya (dəqiqədə 120–160 vurğuya qədər), dolğunluğunun zəifləməsi, aritmiya (lat. pulsus freguens, dicretus, filliformis), ürək tonlarının karlaşması, arterial, xüsusən makimal təzyiqin kəskin enməsi (ağır təsadüflərdə 40–30 mm ç. süt. qədər); sianoz və tənginəfəslik şəklində ürək-damar sisteminin zədələnməsi erkən müəyyən edilir.

    Müxtəlif dərəcədə təzahür edən sinir sisteminin tipik toksik zədələnməsi olur: xəstələrin bəzilərində yuxusuzluq başlayır, başqalarında oyanma, sayıqlama, hallüsinasiya (qara basma halları), inkişaf edir, anlaşılmaz qarışıq nitq, səndələyici yeriş, hərəkət koordinasiyasının pozulması olur. Qarın ağrılı, dalaq, çox vaxt isə qaraciyər böyüyür, qəbizlikishal olur. Qanda leykositar formulanın sola meyilliliyi ilə keçən neytrofil leykositoz nəzərə çarpır. EÇS (eritrositlərin çökmə sürəti) yüksəlir. Sidiyin miqdarı azalır. Sidikdə zülal, dənəli və hialin silindirlər, eritrositlər meydana çıxır.

    Tədricən mikrobun daxil olduğu yerdə ardıcıl surətdə papulaya, veyikulaya və pustulaya çevrilən ləkə baş verir. Pustula içərisində çoxlu miqdarda taun mikrobları olan qanlı irinli, bəzən qaratəhər möhtəviyyatla dolur, təzyiq etdikdə şiddətli ağrılar başlayır. Əhatə edən dəri sahəsi parlaq hiperemiyalaşmış (tünd qırmızı rəngə çalır), infiltratlaşmış, sağlam dəri səthindən qabarmış olur (tünd qırmızı adlanan sədd). Sonradan pustula xoraya çevrilir. Xoranın dibi infiltratlaşır, sarımtıl rəngdə olur, vaxtı gələndə tünd qartmaqla örtülür, bu, qarayara zamanı (lat. pestis anthracicus) dərinin zədələnməsini xatırladır. Nadir hallarda dəri üzərində kəskin ağrılı, xoralaşan birincili taun karbunkulu əmələ gəlir. Taun dəri xorası uzun davam etməsi, tədricən sağalması, çapıq əmələ gətirməsilə xarakterizə olunur.

    Taunun hər hansı klinik formsında hemorragik səpmələr. bullyoz törəmələr, ikincili hematogen pustula və karbunkullar şəklində ikincili dəri dəyişikliyi müşahidə edilə bilər. Tunun dəri forması, bir qayda olaraq, bubon forması ilə birləşir (dəri-bubon forması).

    Taunun bubon formasının xarakterik əlaməti törədrici mikrobun daxil olduğu yerə yaxın birincili bubonların formalaşması ilə periferik limfatik düyünlərin zədələnməsidir. Xəstəliyin 1–2-ci günü nəinki hərəkət zamanı, hətta sakitlikdə belə bubon əmələ gələn yerdə xəstəni məcburi vəziyyətə gətirən şiddətli ağrı hiss olunur. İnkişaf edən bubon kiçik, şiddətli ağrılı şişkinlikdən ibarətdir. Limfatik düyünlərin bütün qrupu və onları əhatə edən birləşdirici toxuma iltihabi prosesə cəlb olunduqca şişkinlik 8 sm-dək böyüyür, ətraf toxumalar ilə birləşən konqlomeratdan ibarət olur. Bubonun üzərini örtən dəri gərilir, aydın hiperemiyalaşır, parıldayır, göyərmiş çalar alır. Adətən limfangitlər olmur. Periadenit olduğuna görə bubonun konturu hamarlaşır. Bu, mühüm diaqnostik əlamətlərdən biri sayılır. Xəstəliyin 6–8-ci gününə yaxın bubon xəmirvari konsistensiya alır, üzərindəki dəri göyümtül-qonur rəng alır, nazilir. Bubonun mərkəzində flüktasiya meydana çıxır. Xəstəliyin 8–12-ci günü bubon deşilir, qan qarışıqlı serozlu-irinli möhtəviyyat ifraz olunur. Bubonun xoraya çevrilməsi uzun müddət sağalmayan fistulanı, ikincili infeksiyanın qoşulması isə geniş adenofleqmonanın əmələ gəlməsi ilə nəticələnir. İrinli xora inadlı gedişi, tədricən sağalması, qranulyasion toxumanın artması və çapıqlaşma ilə fərqlənir. Xəstəliyin təhlükəsiz gedişi zamanı 6–8-ci gündən başlayaraq, bubonda iltihabi dəyişiklik azalmağa başlayır və sonralar tam sorula bilir. Son illər spesifik terapiyanın (antibiotiklərin) tətbiqi ilə əlaqədar olaraq taun bubonları çox nadir hallarda deşilir. Onlar 15–20 gün ərzində tədricən sorulur.

    Taunun septik forması

    [redaktə | mənbəni redaktə et]

    Taunun iki növ septik forması var:

    Birincili septik forma

    [redaktə | mənbəni redaktə et]

    Taunun birincili septik forması qısa inkubasiyadan sonra (bir neçə saatdan 1–3 sutkaya qədər) törədici mikrobun sürət disseminasiyası, orqanizmin müxtəlif sistemlərinin zədələnməsi ilə qızğın surətdə inkişaf edir və adətən, xəstənin tez ölməsilə nəticələnir. Xəstəliyin əsas təzahürü yüksək qızdırma, ürək-damar fəaliyyətinin və sinir sisteminin pozğunluqları şəklində intoksikasiya sindromu (sayıqlama, narahatlıq və adinamiya) və hemorrafik sindromdur. Xəstələrdə massiv dəri hemorragiyaları, daxili orqanlara qansızmalar, mədə-bağırsaq, ağciyər, böyrəkuşaqlıq qanaxmaları meydana çıxır.

    İkincili septik forma

    [redaktə | mənbəni redaktə et]

    İkincili septik forma infeksiyanın başqa klinik formalarını, çox vaxt bubon taununu ağırlaşdırır və orqanizmin ağır intoksikasiyası təzahürləri ilə keçir. Xarakterik kliniki simptomlar olmadığından, xəstənin sağlığında taunun septik formasının diaqnostikası çətinlik törədir. Epidemioloji situasiya, yaxud taun ocaqlarında yaşayan insanların qəflətən ölməsi orientir sayılır.

    Ağciyər taunu

    [redaktə | mənbəni redaktə et]

    Ağciyər taununun iki forması mövcuddur:

    Birincili-ağciyər taunu

    [redaktə | mənbəni redaktə et]

    Birincili-ağciyər taunu – xəstəliyin daha ağır və epidemioloji cəhətcə son dərəcə təhlükəli formasıdır. Xəstəliyin üç əsas dövrü vardır: başlanğıc qızdırmalı həyəcanlanma dövrü, xəstəliyn qızğın dövrü və soporoz (terminal) dövr.

    Ağciyər taununun birinci dövrü klinik təzahürlərin müxtəlifliyi ilə xarakterizə olunur. Xəstəliyin dəfələrlə şiddətli titrətmə, bədən temperaturunun 39–40°S-dək yüksəlməsi və qusma (çox vaxt təkrar-təkrar) ilə qəflətən başlayır. Xəstələr həyəcanlanır, baş və əzələ ağrılarından şikayətlənir, onların sifətləri qızarmış, şişmiş olur, konjuktivit inkişaf edir, xəstəliyin birinci gününün axırına yaxın köksdə kəsici ağrılar, taxikardiya, tənginəfəslik meydana çıxır. Xeyli artan bəlğəm ifrazı müşayiət edilir. Bəlğəm əvvəlcə köpüklü, şəffaf, şüşəvari olur. Sonradan bəlğəmin içərisində qan görünür və nəhayət o qanlı olur. Bəlğəmlə külli miqdarda taun mikrobları ifraz olunur. Fiziki məlumatlar son dərəcə az olur, xəstələrin ümumi halına uyğun gəlmir.

    Xəstəliyin qızğın dövrü bir neçə saatdan 2–3 günə qədər davam edir. Bədən temperaturu yüksək olaraq qalır. Üzün hiperemiyası, gözlərə "qan dolması", şiddətli tənginəfəslik – taxipnoe (tənəffüsün dəqiqədə 50–60 qədər olması) diqqəti cəlb edir. Çox vaxt qan qarışmış qusma baş verir. Ürək tonları karlaşır, nəbz tezləşir və aritmik olur. Arterial təzyiq xeyli enir. İntiksikasiya təzahürləri artdıqca ağır mənəvi iztirab həyəcanlanma ilə əvəz olunur, xəstə sayıqlamağa başlayır.

    Terminal dövr son dərəcə ağır klinik gedişlə xarakterizə olunur. Xəstədə soporoz hal (yuxuculuq) inkişaf edir. Tənginəfəslik artır, tənəffüs sərtləşir, arterial təzyiq, demək olar ki, müəyyənləşdirilmir. Nəbz tezləşir, sapvari olur. Dəri üzərində petexiyalar və ya geniş qansızmalar meydana çıxır. Sifət göyərir, sonradan isə yanaqlarda parlaq sianoz olan boz-torpaq rəng alır, burun sivriləşir. Gözlər çuxura düşür. Xəstəyə ölüm qorxusu gəlir. Daha sonra sayıqlama başlayır, xəstə laqeydləşir, koma inkişaf edir.

    İkincili-ağciyər taunu

    [redaktə | mənbəni redaktə et]

    İkincili-ağciyər taunu, bubon taununun ciddi ağırlaşmasıdır. Proqnoz həmişə ciddidir. Xəstəliyin bütün orqanizmə yayılmış formalarında ölüm riski 40–90%-ə çatır.

    Epidemik şiddətlənmə zamanı taunun diaqnozunun qoyulması çətin deyil. Taun şiddətlənməsindən əvvəl ola bilən sporodik halların aşkar edilməsi zamanı diaqnoz qoymaq xeyli çətinləşir.

    Enzootik taun ocağında olan adamlarda yüksək intoksikasiya dərəcəsi ilə təzahür edən əlamətlərin – kəskin qızdırmanın, ürək-damar və sinir sisteminin zədələnmələrinin, dəridə, limfatik düyünlərdə, yaxud tənəffüs orqanlarında hemorragik-nekrotik iltihabın mövcudluğu xəstə şəxsin taun formalarından birinə tutulmasını göstərir.

    Taunun dəri formasını qarayaranın dəri formasından, bubon formasını tulyaremiyada olan limfadenopatiyadan, irinli limfadenitdən, limforetikulyozdan, limfoqranulömatozdan, vərəmdən fərqləndirmək lazımdır. Taunun septik forması infeksion-toksik şokun inkişafı və hemorragik sindrom ilə müşayiət olunan sepsis, meninqokokksemiyanın ildrımsürətli formasını, qrippinhipertoksik formasını xatırlada bilər. Tropik rayonlarda taunun bu formasını həm də malyariyanın ağır forması ilə diferensiasiya etmək lazımdır. Taunun ağciyər formasını krupoz pnevmoniyadan, tulyaremiya, manqo, qarayara və qrip zamanı ağciyərlərin zədələnməsindən fərqləndirmək lazımdır.

    Taunun düzgün diaqnozunun qoyulmasında bakterioloji tədqiqatlar həlledici rol oyanayır. Bakterioloji tədqiqatlar taun əleyhinə müəssisələrin iş rejimi haqqında təlimatlara müvafiq şəkildə fəaliyyət göstərən xüsusi laboratoriyalarda aparılır. Taun şübhəsi doğuran xəstələrdən tədqiqat üçün material bubonun punktatı, vezikulanın, pustulanın, karbunkulların möhtəviyyatı, bubon və dəri-bubon formasında xoranın ifrazatı, ağciyər formasında bəlğəm, əsnəkdən selik, infeksiyanın hər hansı formasında qan sayılır. Bundan əlavə, seksion patoloji-anatomik material tədqiq olunur. Xarici mühit obyektlərindən suyu, havanı, qida məhsullarını, xəstələrin ifrazatları ilə çirkləndirilmiş əşyaların yuyulma suyunu tədqiq edirlər. Klassik metodlarla birlikdə anticisimləri flüoressensiya edən metod tətbiq edilərək ekspres-diaqnostika aparılır. Bu metod qram üsulu ilə rənglənmiş yaxmalarda mikrob cisimlərinin bipolyar ovoid çöplərinin spesifik parıltısı taunun təxmini diaqnozunu qoymağa imkan verir. Sonuncu diaqnoz lat. Y.pestis-in təmiz kulturasının alınması və identikləşdirilməsi əsasında qoyulur. Bunun üçün tədqiq olunan materialı inkişaf stimulyatorları (qan, natrium-sulfat, Karpuzidi stimulyatoru) və antifaq zərdabı əlavə etməklə aqarda əkirlər. Müsbət nəticə hallarında 12–24 saat sonra aqar mühitində kənarları naxışlı şəffaf törəmələr şəklində taun mikroblarının xarakterik koloniyaları görünür. Qəti cavab 48 saatdan sonra alınır.

    Bioloji sınaq qoymaq üçün dəniz donuzlarını və ya ağ siçanları peritondaxili, dərialtı və ya dəriiçərisi yoluxdururlar. Müsbət nəticə təsadüflərində, yoluxdurulmuş heyvanlar yoluxdurma qaydasından asılı olaraq 3–9 gündən sonra ölürlər. Ölən heyvanların daxili orqanlarında hemorragik iltihab, massiv qansızmalar, iz-yaxmalarda çox miqdarda taun bakteriyaları aşkar edirlər.

    Praktikada taunun laboratoriya diaqnostikası zamanı seroloji reaksiyalar geniş tətbiq olunur. Onları taun şübhəsi doğuran xəstəliklər zamanı retrospektiv diaqnoz üçün taunun təbii ocaqlarının müayinəsi zamanı aparırlar.

    Taunun bubon formasında ölüm halları 27–95%, ağciyər formasında demək olar ki, 100%-dir. Hal-hazırkı dövrdə düzgün müalicə fonunda ölüm halları 5–10% təşkil edir[3].

    Tauna tutulmuş xəstələr ciddi təcrid edilməli və məcburi hospitallaşdırılmalıdırlar.

    Taunun etiotrop müalicəsində antibiotiklər: yüksək dozalarda təyin olunan tetrasiklin, streptomisinlevomisetin əsas əhəmiyyət kəsb edir. Taun üzrə ÜST (Ümumdünya Səhiyyə təşkilatı) ekspertlər komitəsi (1917) birinci iki sutka ərzində tetrasiklini 4–6 q dozada yeritməyi məsləhət görmüşlər. Xəstəliyin ağır forması zamanı preparatı birinci sutka ərzində vena daxilinə vurur, sonralar daxilə təyin edirlər.

    Streptomisin taunun bütün formalarında effektlidir. Bubon formasında streptomisinin başlıca dozası hər 8 saatdan bir 1000000–1500000 TV (təsir vahidi), sonradan 500000–1000000 TV təşkil edir. Sutkalıq doza 2,5–3,5 q-a bərabərdir. Bədən temperaturu düşdükdən sonra, adətən, müalicənin əvvəlindən 36–48 saat preparatı sutkalıq dozanın yarısı qədər 3–5 gün ərzində yeridirlər. Taunun septik və ağciyər formalarında streptomisini 4,5–5 q, bədən temperaturu düşdükdən sonra sutkada 2–2,5 q (5–7 gün) təyin edilir.

    Streptomisinə alternativ monomisin və ya tetrasiklin törəmələri ola bilər, monamisin əzələ daxilinə 250000–500000 TV (gündə 4 dəfə), oksitetrasiklin əzələ daxilinə 200000 TV (hər 6 saatdan bir) və ya oksitetrasiklin, xlortetrasiklin, dibiomisin 500000–1000000 TV (gündə 6 dəfə) daxilə təyin olunur. Başqa antibiotiklərdən morfosiklin, ampisillin, ampioks, ikinci infeksiya ilə ağırlaşma hallarında isə kefzol, separin, oksasillin, metisillin məsləhət görülür.

    Taunun orqanizmə yayılmış formalarında 8 saatlıq interval ilə sutkada 3 dəfə streptomisinlə (250000–500000 TV) xlortetrasiklinin (500000 TV) birlikdə təyin edilməsi effektlidir. Taunun birincili ağciyər və ya birincili septik formasının müalicəsi üçün streptomisinin sutkalıq dozasını 1000000–2000000 TV-nə qədər, tetrasiklininkini 2 q-a artırırlar.

    Taun mikroblarına antibiotik terapiyanın effektivliyini və məqsədyönlü təsirini artırmaq üçün tauntörədici mikrobların antibiotiklərə qarşı imkan daxilində həssaslığını müəyyənləşdirmək faydalıdır. Bu zaman yüksək həssas antibiotiklər və ya birləşdirilmiş preparatlar təyin edilir.

    Taun bubonlarının tədricən sorulması ilə əlaqədar olaraq antibiotiklərin "yerli", yəni bubon daxilinə təyin edilməsini məsləhət görmək olar. Antibiotiklər 3–5 dəfə yeridildikdən sonra bubon daha tez sorulur. Yerli olaraq həmçinin müxtəlif məlhəm sarğıları tətbiq edilir.

    Bubonların özbaşına deşilməsi hallarında nekrotik və irinli kütlələrin daha yaxşı çıxması üçün natrium-xloridin hipertonik məhlulu və furasilinlə hopdurulmuş salfet sarğı müvəffəqiyyətlə tətbiq olunur.

    Antibiotiklərlə müalicə ilə yanaşı dezintoksikasion patogenetik terapiya da aparılır. Müalicə qurtardıqdan üç dəfə (2, 4, 6 gün sonra) bəlğəm, tənəffüs yolları seliyi və nəcis kütləsi punktatını mütləq bakterial nəzarətdən keçirirlər. Xəstələr stasionardan tam klinik sağalandan və bakterioloji müayinə mənfi nəticə verdikdən sonra evə buraxılırlar. Taun xəstəliyinin rekonvalessentləri 3 ay müddətində dispanser nəzarətində qalırlar.

    Profilaktikası

    [redaktə | mənbəni redaktə et]

    Dünyada taun əleyhinə vahid geniş sistem yaradılmışdır. Taun xəstəliyinə tutulması güman edilən şəxslər müalicə məqsədilə dərhal hospitallaşdırılmalı, yoluxma təhlükəsinə məruz qalanlar isə 6 gün ərzində təcrid və təcili profilaktika olunmalıdırlar. Epidemioloji göstərişə görə taun infeksiyası ocaqlarında yüksək yoluxma təhlükəsinə məruz qalan kontingentlər (çobanlar, ovçular, geoloqlar, taun əleyhinə mübarizə aparan müəssisə işçiləri və s.) arasında ilk növbədə profilaktik peyvəndləmə aparılır. Bu məqsədlə 1946-cı ildə Jirard və Robik tərəfindən təklif edilmiş EV (lat. EV.L.-pestis ştammı alınmış xəstə uşağın inisialı) canlı vaksini işlədilir. Vaksin dərixarici və dəridaxili tətbiq olunur. Taunun təcili profilaktikası üçün xəstələrlə təmasda olmuş şəxslərə , eləcə də yoluxucu material ilə işləyən zaman qəza hallarında streptomisin və tetrasiklin sırasından antibiotiklər (6 gün ərzində) təyin edirlər. Təcili profilaktika kursu qurtardıqdan 2 gün sonra vaksinasiya və revaksinasiya aparırlar.

    Taundan ölmüş insanların meyitləri kremasiya edilir (yandırılır) və ya xüsusi təlimata müvafiq surətdə adi qaydada dəfn olunur. Taun ocaqlarında xəstələrin ifrazatı, dəyişəyi, qab-qacağı, mənzili, qoruyucu geyimi, nəqliyyatı və s. cari və qəti dezinfeksiya edilir. Dezinfeksiya suvarma, yaxud islatma yolu (3–5%-li lizol məhlulu, 2–3%-li xloramin məhlulu) ilə həyata keçirilir. Xəstənin dəyişəyi və geyimini paroformalin kameralarında zərərsizləşdirmək olar. Xəstələrin ifrazatını 10%-li karbol turşusu, xloramin, lizol məhlulu olan qablara yığırlar. Xəstələrin qab və alətlərini qaynatmaqla zərərsizləşdirirlər.

    Taun ocağında əhali arasında sanitariya-maarifləndirmə işi aparmaq lazımdır. Endemik rayonların əhalisinə taun infeksiyası epizootiyalarının aşkar edilməsi, gəmiricilərlə və xəstə ev heyvanları ilə bilavasitə təmasın təhlükəli olması barədə, birələrin taun törədici mikrobunun yayıcısı kimi rolu və fərdi mühafizə tədbirləri haqqında məlumat verilməlidir. Dəniz və hava limanlarında, dəmir yolu stansiyalarında taun əleyhinə profilaktik tədbirlər "Beynəlxalq tibb-sanitariya qaydaları" ilə nizama salınır.

    Xarici keçidlər

    [redaktə | mənbəni redaktə et]
    1. Y. P. Şuvalova, İnfeksion xəstəliklər. Ali məktəblər üçün dərslik, Baki: Maarif, 1988 464 səh. 45 şəkil.
    2. Praktikum des Infektionsß und Impfschutzes/ hrsg- von: Botho Bösel und Kurt Hartung, 10., Auflg.- Berlin, 1992 ISBN 3-87344-075-X